Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone oğlu və komandanın hücumçusu Juliano Simeone ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis Juliano Simeonenin yeni müqaviləni tam layiqincə qazandığını bildirib.
“Julianonun müqaviləni uzatması vacibdir. O, buna layiqdir. Xüsusilə baş məşqçinin oğlu olmaq kimi çətin vəziyyətdə böyük şəxsi inkişaf yolu keçib. Bu, zəhmətin, təvazökarlığın və sabitliyin nəticəsidir. Buna baxmayaraq, ondan daha artığını tələb edəcəyik. Hələ üzərində işləməli olduğu məqamlar var”, - deyə Simeone Mundo Deportivo nəşrinə açıqlamasında vurğulayıb.
23 yaşlı hücumçunun Madrid təmsilçisi ilə yeni müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği 500 milyon avro (təxminən 930 milyon AZN) təşkil edir.
Qeyd edək ki, Juliano Simeone 2019-cu ildən “Atletiko”da çıxış edir. O, bu mövsüm İspaniyanın La Liqa çərçivəsində 18 oyunda meydana çıxaraq iki qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin Çempionlar Liqasının qrup mərhələsində altı matçda iştirak edib və bir dəfə fərqlənib.
Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı transfer dəyəri 40 milyon avro (təxminən 80 milyon AZN) olaraq qiymətləndirilir.
