“Heç kimə borcumuz yoxdur”: “Şirvan”da qalmaqalın pərdəarxası açıqlandı

Xəbərlər
18 Yanvar 2026 19:25
44
“Heç kimə borcumuz yoxdur”: “Şirvan”da qalmaqalın pərdəarxası açıqlandı

İkinci Liqada çıxış edən “Şirvan” klubunda bir qrup futbolçunun komandadan uzaqlaşdırılması ətrafında müzakirələr davam edir.

İdman.Biz xəbər verir ki, sportinfo.az-a açıqlama verən “Şirvan”ın baş meneceri Emin Məmmədov yayılan maliyyə problemləri ilə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, klubun futbolçular qarşısında heç bir borc öhdəliyi yoxdur və hazırda hər hansı maliyyə çətinliyi yaşanmır.

Bundan əvvəl bəzi futbolçular ilk dövrədən sonra kluba ayrılan vəsaitin azaldığını, qeyri-sabit nəticələri əsas gətirən bəzi iş adamlarının maddi dəstəkdən geri çəkildiyini iddia ediblər. Oyunçuların sözlərinə görə, bu səbəbdən ödənişlər tam şəkildə həyata keçirilməyib və etiraz edən futbolçulara düşərgəni tərk etmək təklif olunub.

Emin Məmmədov isə bu iddiaların reallığı əks etdirmədiyini bildirib. O qeyd edib ki, komandadan uzaqlaşdırılan iki futbolçu ilə yolların ayrılması sırf idman prinsiplərinə əsaslanıb və onların oyun göstəriciləri klubun tələblərinə cavab verməyib. Baş menecer əlavə edib ki, futbolçulara qarşı hər hansı təzyiq, ödənişlərin dayandırılması və ya məcburi ayrılıqla bağlı yayılan məlumatlar əsassızdır.

Hazırda İkinci Liqada ilk mövsümünü keçirən “Şirvan” 14 turdan sonra 23 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Komandanın I Liqaya yüksəlmə şansı real olaraq qalmayıb. Şirvan təmsilçisi liderlər olan “Qaradağ Lökbatan” və “Xankəndi”dən 16 xal geri qalır.

Beləliklə, “Şirvan”da yaranan vəziyyət maliyyə böhranı iddiaları ilə klub rəhbərliyinin açıqlamaları arasında ziddiyyət yaradaraq gündəmi zəbt edib.

İdman.Biz