Adil Şükürov: “Rəhman Hacıyevin komandadan ayrılma ehtimalı yoxdur”

Xəbərlər
6 Yanvar 2026 13:29
66
Adil Şükürov: “Rəhman Hacıyevin komandadan ayrılma ehtimalı yoxdur”

“Əgər Premyer Liqa barədə düşünürüksə, komandada bütün mövqelərdə sağlam rəqabət olmalıdır. Hansı futbolçular üstünlüklərini göstərəcəklərsə, meydançada da daha çox şans qazanacaqlar”.

Bu sözləri “Səbail”in baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis Rəhman Hacıyevin komandadan ayrılması ilə bağlı yayılan iddialara da aydınlıq gətirib. Onun sözlərinə görə, Rəhman Hacıyevin gedişi gündəmdə deyil.

“R.Hacıyevin komandadan ayrılma ehtimalı yoxdur. Komandamız onun təcrübəsi ətrafında formalaşıb. Sabahdan etibarən məşqlərə başlayırıq və hər hansı gedişdən söhbət gedə bilməz”, - deyə futbolinfo.az-a açıqlamasında deyib.

A.Şükürov qarşıya konkret Premyer Liqa hədəfinin qoyulduğunu vurğulayıb:

“Qarşımıza dəqiq vəzifə qoyulub və bu istiqamətdə lazım olan addımları atmağa çalışırıq. Təbii ki, bunun üçün maliyyə dəstəyi də vacibdir. Klub rəhbərliyi ilə müzakirələr aparmışıq və maliyyə imkanları daxilində müəyyən məsələləri həll etmişik”.

Baş məşqçi Birinci Liqa ilə Premyer Liqa arasındakı fərqlərə də toxunub:

“Birinci Liqada oynanılan futbol elitadan xeyli fərqlənir. Bu liqanın özünəməxsus xüsusiyyətləri var. Komandaya cəlb etməyi düşündüyümüz futbolçuların əksəriyyəti bu liqada çıxış edib. Buna görə də onların sistemimizə uyğunlaşması müəyyən vaxt tələb edə bilər. Bu kimi problemlərlə üzləşməmək üçün çalışırıq ki, məsələləri qısa zamanda həll edək”.

Sonda A.Şükürov heyətdə böyük dəyişikliklərin gözlənilmədiyini bildirib:

“Komandamızda Premyer Liqa təcrübəsi olan futbolçular var və biz onların təcrübəsindən maksimum yararlanmaq niyyətindəyik. Qış fasiləsində köklü dəyişikliklər etmək istəmirik, çünki bu, zaman tələb edir. Bizim isə kifayət qədər vaxtımız yoxdur. Amma bu, fasiləni boş keçirdiyimiz anlamına gəlmir. Komandanı bir neçə mövqedə gücləndirmək istəyirik. Hazırda bəzi futbolçularla danışıqlar aparılır. Məsələlər dəqiqləşdikdən sonra adları açıqlayacağıq”.

İdman.Biz