“Real Madrid” Kurtuanın gələcək əvəzləyicisini izləyir - “Brayton”un qapıçısı diqqət mərkəzində

2 Noyabr 2026 21:15
108
“Real Madrid” Kurtuanın gələcək əvəzləyicisini izləyir - “Brayton”un qapıçısı diqqət mərkəzində

“Real Madrid” “Brayton”un qapıçısı Bart Verbruqqeni Tibo Kurtuanın gələcək əvəzləyicilərindən biri kimi izləməyə davam edir. Niderlandlı qolkiperin Premyer Liqadakı son çıxışı onun namizədliyini yenidən gündəmə gətirib.

İdman.Biz “Fichajes.net”ə istinadən xəbər verir ki, 24 yaşlı qapıçı oktyabrın 31-də “Mançester Siti” ilə qarşılaşmada komandasının 1:0 hesablı qələbəsində mühüm rol oynayıb. O, Holandın da çıxış etdiyi rəqibin bir neçə təhlükəli hücumunun qarşısını alıb.

Verbruqqen cari Premyer Liqa mövsümündə doqquz oyunda start heyətində meydana çıxıb və altı qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Onun zərbələri dəf etmə göstəricisi təxminən 79 faiz təşkil edir.

Qapıçının “Brayton”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt onun bazar dəyərini təxminən 40 milyon avro (80 milyon manat) qiymətləndirir. Bununla belə, İngiltərə klubunun futbolçu üçün konkret satış qiyməti müəyyənləşdirdiyi barədə məlumat yoxdur.

Digər tərəfdən, “Real Madrid” Kurtua ilə müqavilənin müddətini 2028-ci ilə qədər uzatmağa yaxındır. Belçikalı qolkiperin komandada qalması Verbruqqenin mümkün transferinin təcili məsələ olmadığını göstərir.

Madrid təmsilçisinin heyətində Andrey Lunin də var. Ukraynalı qapıçının müqaviləsi 2030-cu ilə qədər qüvvədə olsa da, klubun gələcəkdə əsas qapıçı mövqeyini kimə həvalə edəcəyi hələ müəyyənləşməyib.

İdman.Biz