Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Cənubi Afrika Respublikası və Kamerun milliləri arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Kamerun millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 34-cü dəqiqədə Kamerun millisinin yarımmüdafiəçisi Cunyior Çamadyu açıb. 47-ci dəqiqədə hücumçu Kristian Kofane kamerunluların üstünlüyünü iki topa çatdırıb. 88-ci dəqiqədə Cənubi Afrika Respublikasının hücumçusu Evidens Makqopa bir qolun əvəzini çıxıb və oyunda yekun hesabı müəyyənləşdirib.
Turnirin 1/4 final mərhələsində Kamerun millisi Mərakeş yığması ilə qarşılaşacaq.
2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş 24 milli komanda iştirak edib. Turnir 18 yanvara qədər davam edəcək. Afrika Millətlər Kubokunun son qalibi isə 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuar millisidir.
