İngiltərənin “Mançester Yunayted” komandasının sabiq müdafiəçisi Rio Ferdinand Səudiyyə Ərəbistanının Pro Liqasına transfer olunan futbolçuların üzləşdiyi çətinliklər barədə danışıb.
İdman.Biz xəbər verir ki, Ferdinand bu çempionatın göründüyündən daha mürəkkəb olduğunu vurğulayıb.
“Bura gələn istənilən futbolçu, əgər qaçmağı bacarmırsa, oyunu dərhal nəzarətdən itirir və ona yalnız ətrafında yaxşı komandanın olmasına ümid etmək və dua etmək qalır.
Avropada bir çox gənc futbolçu bu liqaya baxıb düşünür ki, “ora gedəcəyəm və hamını darmadağın edəcəyəm”. Amma bu baş verməyəcək. Siz bura gələcəksiniz və məğlub olacaqsınız, çünki bu liqa oyunçuların düşündüyündən daha çətindir. Burada bir çox şeyə uyğunlaşmaq lazımdır: iqlimə, yeni məkana, futbol üslubuna. Hər şey göründüyündən daha sürətli baş verir”, - deyə sabiq müdafiəçi bildirib.
Ferdinandın sözlərinə görə, Səudiyyə Pro Liqası artıq sadəcə maliyyə cəlbediciliyi ilə deyil, həm də idman baxımından rəqabət qabiliyyəti ilə seçilən çempionata çevrilir.
