Türkiyə Super Liqasının doqquzuncu turunda “Trabzonspor” və “Beşiktaş” qələbə qazanıblar. Trabzon təmsilçisi səfərdə “Çaykur Rizəspor”u 4:3, İstanbul klubu isə doğma meydanda “Başakşehir”i 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, turun ən məhsuldar qarşılaşmalarından biri Rizədə keçirilib. “Çaykur Rizəspor” Borrellinin 12-ci və 32-ci dəqiqələrdə vurduğu qollarla ilk hissəni 2:0 hesablı üstünlüklə başa vurub.
Lakin fasilədən sonra “Trabzonspor” oyunun gedişini dəyişib. Qonaqlar səkkiz dəqiqə ərzində üç dəfə fərqləniblər. Melih 49-cu, Aral 51-ci, Frankulino isə 57-ci dəqiqədə qol vuraraq komandalarını hesabda irəli çıxarıblar.
Meydan sahibləri 69-cu dəqiqədə Laçinin qolu ilə tarazlığı bərpa etsələr də, 83-cü dəqiqədə Frankulino dublunu rəsmiləşdirərək “Trabzonspor”a 4:3 hesablı qələbə qazandırıb.
İstanbulda keçirilən digər görüşdə isə “Beşiktaş” “Başakşehir”i qəbul edib. Dolmabağçada baş tutan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.
İkinci hissədə üstünlüyünü qola çevirən “Beşiktaş” 76-cı dəqiqədə Ohun dəqiq zərbəsi ilə önə keçib. 89-cu dəqiqədə Olaitan fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirib - 2:0.
Bu nəticələrdən sonra “Trabzonspor” xallarının sayını 19-a, “Beşiktaş” isə 18-ə çatdırıb. “Başakşehir” 11, “Çaykur Rizəspor” isə 10 xalda qalıb.
Növbəti turda “Trabzonspor” “Qaziantep”i, “Beşiktaş” isə səfərdə “Kasımpaşa”nı rəqib kimi görəcək. “Başakşehir” “Samsunspor”u qəbul edəcək, “Çaykur Rizəspor” isə “Kocaelispor”un qonağı olacaq.
