“Mançester Siti” baş məşqçisiz “Çelsi”ni qəbul edir

Xəbərlər
4 Yanvar 2026 14:35
63
“Mançester Siti” baş məşqçisiz “Çelsi”ni qəbul edir

İngiltərənin “Mançester Siti” klubu Premyer Liqa çərçivəsində öz meydanında “Çelsi”ni qəbul edəcək.

İdman.Biz xəbər verir ki, London təmsilçisi bu oyuna baş məşqçi Enzo Mareskanın istefasından sonra çıxır. Bu səbəbdən “Çelsi”nin texniki rəhbərlik baxımından qeyri-stabil vəziyyətdə “Mançester Siti” ilə üz-üzə gəlməsi diqqət çəkir.

“The Telegraph” nəşri Pep Qvardiola ilə “Çelsi”nin müvəqqəti baş məşqçisi Kalum Makfarleyn arasındakı qarşılaşmanı Premyer Liqa tarixində “ən böyük məşqçi uyğunsuzluğu” adlandırıb.

Belə ki, bir həftə əvvələ qədər Makfarleynin “Çelsi”nin əsas komandasının məşq bazasına daxil olmaq üçün belə buraxılışı yox idi. O, klubun gənclər komandası ilə çalışırdı və əsas komandanın sükanı arxasına keçməsi gözlənilməz olub.

Makfarleyn daha əvvəl karyerasında “Sauthempton” və “Mançester Siti”nin yeniyetmə komandalarında (Pep Qvardiola ilə orada tanış olmayıb), eləcə də “Fulhem” və “Kristal Palas” akademiyalarında çalışıb, həmçinin Norveçdə işləyib.

Makfarleyn bildirib ki, təyinat xəbəri ona ailəsi ilə Vindzorda işıq şousuna getməyə hazırlaşdığı vaxt gəlib:

“Klubdan zəng edib nə vaxt gələ biləcəyimi soruşdular. Mən də bir saata gələ biləcəyimi dedim. Həyat yoldaşım buna o qədər də sevinmədi. O, uşaqlarla birlikdə yenə də şouya getdi”.

İdman.Biz