“Azərbaycan futbolundan danışanda ən əsas milli komandalarımız, sonra isə klublar gəlir. Çox təəssüf ki, 2025-ci ildə yığma səviyyəsində uğurumuz olmadı”.
Bu sözləri millinin sabiq məşqçisi Şahin Diniyev deyib.
Başa çatmaqda olan il ərzində ölkə futbolunda baş verən proseslərə təcrübəli mütəxəssis münasibət bildirib:
“Millimiz seçmə mərhələdə 1 xalla sonuncu pillədə qərarlaşdı. U-21-də eyni uğursuzluğu yaşadı. Təəssüf ki, böyükhesablı məğlubiyyətlər çox oldu. Tək işıqlı yerimiz “Qarabağ”dır. Ağdam klubu bu il sensasiya nəticəsində Çempionlar Liqasının əsas mərhələsinə düşdü, daha sonra orada 7 xal toplaya bildi. Bu, Azərbaycan futbolu adına böyük uğurdur. 2026-cı ildə gözləntilərim nədir? Əsas millimizdən bu nəticənin əksini gözləyirik. Bizə hər il olduğu kimi ümidlə gözləmək qalır. Düşünürəm ki, 2025-ə nisbətən 2026-cı il daha uğurlu ola bilər”, - deyə sport24.az-a açıqlamasında deyib.
