Misli Premyer Liqanın ilk yarısında qeyri-sabit çıxış edən “Kəpəz” mövsümün ikinci hissəsinə fərqli ab-hava ilə başlamaq niyyətindədir.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi daha bir futbolçunun xidmətindən imtina edib.
“Sarı-göylər” bu ilin oktyabrında sıralarına qatdığı Şahmar Aşurovu transferə çıxarıb. Son klubu “Zirə” olan 21 yaşlı hücumçunun müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Şahmar Aşurov cari mövsüm Gəncə klubunun heyətində Misli Premyer Liqada 7 oyun keçirib, qol və məhsuldar ötürməylə yadda qalmayıb. O, ölkə kubokunda 2 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Kəpəz” onunla yanaşı, icarəyə götürdüyü iki gənclə də vidalaşmağı lazım bilib. Onlar “Neftçi”dən yarımmüdafiəçi Elcan Əbilov və “Turan Tovuz”dan müdafiəçi Raul Məmmədovdur.
