“Bizim ayrılığımız heç də qarşılıqlı razılaşma əsasında olmayıb”.
Bu sözləri “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev İdman.Biz-ə açıqlamasında deyib.
O, “nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə baş məşqçi lə yollar ayırdıq” deyə “Araz-Naxçıvan” klubunun yaydığı bəyanatla bağlı danışıb.
Mütəxəssis klubun bəyanatını təkzib edərək ayrılığın qarşılıqlı razılaşma əsasında baş vermədiyini vurğulayıb:
“Klub rəhbərliyi məni yanına çağıraraq artıq mənimlə işləmək istəmədiyini bildirdi və bununla da söhbət bitdi. Müqaviləm mövsümün sonuna - may ayının sonunadək qüvvədə idi. Buna baxmayaraq, mənə heç bir kompensasiya verilmədi və bu mövzu ümumiyyətlə müzakirə olunmadı. İndi isə qarşılıqlı razılıqla ayrıldığımız barədə bəyanat verirlər. Bu, məni məyus etməyə bilməz”.
E.Baxşıyev komandanın nəticələrinin də qeyri-qənaətbəxş kimi təqdim olunmasını düzgün saymadığını bildirib:
“Komanda qış fasiləsinə pis nəticələrlə yollanmayıb. Hazırda üçüncü yeri cəmi iki xal ayırırdı. Bu nəticəni uğursuz adlandırmaq olmaz”.
Qeyd edək ki, “Araz-Naxçıvan” klubunun rəsmi açıqlamasında baş məşqçi ilə görüş keçirildiyi, ona göstərdiyi xidmətlərə görə təşəkkür edildiyi və mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Xatırladaq ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında tarixində ilk dəfə üçüncü yeri tutub və UEFA Konfrans Liqasında iştirak edib.
11:12
“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Bildirilib ki, klubun İdarə Heyətinin iclasında komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub.
Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.
