Marko Yankoviç də xarici klubların diqqət mərkəzindədir

Xəbərlər
24 Dekabr 2025 13:57
46
Marko Yankoviç də xarici klubların diqqət mərkəzindədir

Marko Yankoviç “Qarabağ”dan ayrılmağa yaxındır. Komandanın liderlərindən birinə çevrilən yarımmüdafiəçinin çıxışı xarici klubların da diqqətini çəkib və ona ciddi təkliflər sıralanır.

İdman.Biz futbolinfo.az-a istinadla xəbər verir ki, ötən il ağdamlıların Zaqreb “Dinamo”suna satmadığı 30 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasındakı əla çıxışdan sonra daha cəlbedici şərtlərlə dəvət alıb. Bir Yaponiya klubu ona illik 800 min avro maaş təlif edib. Yunanıstanın adı açıqlanmayan elita klubu isə Markoyla bir milyon avro maaşla 3 illik müqavilə bağlamaq istəyir. “Qarabağ”da 300 min avro alan yarımmüdafiəçi üçün bu təkliflər vazkeçilməzdir.

Amma iş ondadır ki, müştərilər “Qarabağ” transfer üçün çox kiçik məbləğ təklif edir. Yunanlar hətta yarım milyon avro ödəməkdə maraqlı deyil. Onlar monteneqrolu legionerin yaxşı məvacibə görə Ağdam klubunu yola gətirəcəyinə ümid edir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son mətbuat konfransında elə bu səbəbdən əsəbləşmiş və sərt açıqlama vermişdi. O, kluba oyunçularla müqayisədə çox az pul təklif olunduğundan gileylənmiş, belə qeyri-ciddi addımların oyunçulara təsir etdiyini bildirmişdi.

Qurbanov ad çəkməsə də, söhbətin Yankoviçdən getdiyi aydın idi. Amma Marko tək deyil, digər bir neçə legionerə də oxşar müraciətlər olub, ağdamlılar isə təklifləri geri çevirib. “Qarabağ” satışdan imtina etmir, amma layiqli məbləğlə gələcək rəsmi təkliflər nəzərdən keçiriləcək, müzakirə ediləcək.

Yankoviç isə getməkdə israrlıdır. Karyerasının sonuna yaxınlaşan Marko bir də belə böyük pullar qazanmayacağını bildiyi üçün buraxılması üçün israr edir. Onun dünən İnstaqram hesabında etdiyi paylaşım daha çox vida mətninə bənzəyir: “İlin sonu. Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda bir çox uğurla dolu il oldu. Görülən işlərə, insanlara, dərslərə, prosesə və keçilən yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”.

Yankoviç 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. O, cari mövsüm “Qarabağ”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Marko 2027-ci ilin yayınadək ağdamlılara məxsus olduğundan gedişi asan başa gəlməyəcək. “Atlılar” onun üçün yunanlardan 3 milyon avro tələb edir. Həm də transfer yalnız yayda mümkündür. “Qarabağ” Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək şansı qalmışkən heyətin zəifləməsini istəmir. Çünkü gedənlərin yerini doldurmaq mümkün deyil, iştirak ərizəsinə qrup mərhələsi bitənə kimi əlavələr etməyə icazə yoxdur.

Hazırda vəziyyət xaotikdir. Yankoviçin ürəyi daha çox qazana biləcəyi komandalardadır, “Qarabağ” isə layiqli transfer haqqı almayınca onu buraxmayacaq. Hər iki halda bu durumun komandaya mənfi təsiri olacaq – oyunçu satılsa, heyət zəifləyəcək, satılmasa, küskün Marko əvvəlki kimi oynamayacaq.

İdman.Biz