Azərbaycan futbolunda uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan II Liqada ən məhsuldar futbolçuların siyahısı açıqlanıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən və ölkə çempionatının üçüncü səviyyəli dəstəsi olan II Liqada üçüncü mövsümün ilk hissəsi artıq başa çatıb.
İdman.Biz PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın II Liqa adlandığı dövrdə ən çox qol vuran futbolçu Cavid İmamverdiyev olub. Üç mövsüm ərzində “Kür-Araz”, “Quba” və “Sheki City” klublarında çıxış edən hücumçu ümumilikdə 65 qol vurub.
İkinci pillədə “Şahdağ Qusar” və “Xankəndi” klublarının formasını geyinmiş Tural Qurbatov qərarlaşıb. O, II Liqada 57 dəfə fərqlənib. Siyahıda üçüncü olan Elvin Nəsibov isə II Liqada cəmi iki mövsüm çıxış etməsinə baxmayaraq, 51 qol vurub. O, “Füzuli”, “Cəbrayıl” və “Şəfa” klublarında forma geyinib.
Ümumilikdə II Liqada 14 futbolçu 20 və daha çox qol vurmağı bacarıb.
Ən yaxşı bombardirlər:
1. Cavid İmamverdiyev – 65
2. Tural Qurbatov – 57
3. Elvin Nəsibov – 51
4. Vidadi Cəfərov – 49
5. Elxan Məmmədov – 36
6. Elariz Xəlilli – 32
7. Famil Camalov – 30
8–9. Valeh Seyidov – 27
Tofiq Nəsibov – 27
10. Amil Yunanov – 26
11. Ramazan Abbasov – 24
12–13. Vüqar Əşrəfli – 23
Röyal Nəcəfov – 23
14. Ülvi Quliyev – 21
Qeyd edək ki, ötən əsrin 90-cı illərində keçirilən və “ikinci dəstə” adlanan turnirin nəticələri bu statistikaya daxil edilməyib.
