“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Bruno Fernandeşin ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qala biləcəyini istisna etməyib.
İdman.Biz bu barədə “Soccernews”a istinadən məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi komandanın “Aston Villa”ya 1:2 hesablı məğlubiyyəti zamanı zədələnərək oyunu vaxtından əvvəl tərk edib.
Qarşılaşmada Morgan Rocers iki möhtəşəm qolu ilə yadda qalıb. “Mançester Yunayted”in yeganə qolunu isə ilk hissəyə əlavə olunmuş vaxtda Mateus Kunia vurub.
Fernandeş Rocersin 45-ci dəqiqədəki qolundan öncə bud əzələsindən narahatlıq hiss edib və fasilədə əvəzlənib. Bu, onun “Mançester Yunayted” karyerasında 292-ci startında cəmi üçüncü dəfə fasilədə əvəzlənməsi olub. Amorim futbolçunun yumşaq toxuma zədəsi aldığını və bərpa prosesinin vaxt aparacağını bildirib.
Mütəxəssis bayramlar ərəfəsində kapitanın yoxluğunun komanda üçün ciddi problem yaradacağını etiraf edib. Hazırda “Mançester Yunayted” bir sıra itkilərlə üzləşib və heyət problemləri fonunda gənc futbolçulara şans verməyə məcbur qalır.
