“Barselona”nın futbolçusu Dani Olmo zədələnib. İspaniyalı yarımmüdafiəçi mövsümün ən vacib oyunlarından biri olan “El Klasiko”da meydana çıxa bilməyəcək.
İdman.Biz "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Olmo UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ ilə qarşılaşmada zədələnib. Görüşün ilk hissəsində xəsarət alan futbolçu oyunu davam etdirə bilməyib və əvəzlənib.
İlkin məlumatlara görə, 27 yaşlı oyunçunun sol budunun adduktor əzələsində cırılma ehtimalı var. Zədənin ağırlığından asılı olaraq onun 4-5 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Dəqiq diaqnozun və bərpa müddətinin tibbi müayinələrdən sonra müəyyənləşəcəyi bildirilir.
Beləliklə, Olmonun oktyabrın 25-də “Real Madrid”ə qarşı keçiriləcək “El-Klasiko”da iştirakı gözlənilmir. Bu, Kataloniya təmsilçisi üçün ciddi itkidir.
Xatırladaq ki, PSJ ilə qarşılaşma “Barselona”nın 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Paris təmsilçisi ilə oyunda zədələnən Olmo komandasının qarşıdakı vacib matçlarında da iştirak etməyə bilər.
