İspaniyanın “Barselona” komandasının keçmiş baş məşqçisi Xavi Hernandez İngiltərə Premyer Liqasında “Çelsi” klubunun baş məşqçisi olmaq üçün namizədlər sırasında yer alır.
İdman.Biz “Telegrafi”yə istinadla xəbər verir ki, son günlər ispan mütəxəssisin adı London klubunun kadr planlamasında ən çox danışılanlardan birinə çevrilib.
Məlumata görə, “Çelsi” rəhbərliyi baş məşqçi Enzo Mareskanın gələcək perspektivlərini və mümkün karyera dəyişikliklərini diqqətlə izləyir. Mareska ilə bağlı son açıqlamalar və komandanın səviyyəsinə görə yaranan suallar səbəbindən klub rəhbərliyi yeni seçimlər üzərində düşünür və bu siyahıda Xavinin adı xüsusi yer tutur.
Xatırladaq ki, 45 yaşlı Xavi son dəfə 2024-cü ilin yayında “Barselona” ilə müqaviləsini başa vurub. Onun topa nəzarət və hücum futboluna əsaslanan oyun fəlsəfəsi “Çelsi” rəhbərliyinin istəklərinə uyğun hesab olunur.
Hazırda “Çelsi” Premyer Liqada orta səviyyəli nəticələr göstərir və ilin ikinci yarısına doğru texniki heyət dəyişiklikləri barədə müxtəlif ehtimallar müzakirə olunur.
