“Sumqayıt” “Neftçi” səfərinə hansı heyətlə çıxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Xəbərlər
15 Dekabr 2025 16:24
80
“Sumqayıt” “Neftçi” səfərinə hansı heyətlə çıxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Bu gün Misli Premyer Liqasının 15-ci turunda “Neftçi” ilə səfər matçına çıxacaq “Sumqayıt”ın heyətinə dair son məlumatlar açıqlanıb.

Bu barədə “kimyaçılar”ın sözçüsü Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.

“Komandada cəzalı futbolçu yoxdur. Lakin baş məşqçi Saşa İliç və onun köməkçisi Veliçko Kaplanoviç cəzaya görə oyunu texniki zonadan izləyə bilməyəcəklər. Zədə səbəbindən Ayxan Süleymanlı uzun müddətdir sıradan çıxıb. İsa Suliman hazırda düşərgədə olsa da, məşqlərdə iştirak etmir. Abdul Rəşid Mumini isə Afrika Millətlər Kubokunda çıxış edəcək və oyunçu bu səbəbdən “Neftçi” və “Sabah”la görüşlərdə iştirak edə bilməyəcək. Benin millisinə dəvət alıb Digər futbolçular arasında zədəli yoxdur. Ötən tur iştirak ərizəsinə daxil edilməyən müdafiəçi Höccət Haqverdi isə bu oyunda forma geyinəcək”, - deyə o, açıqlamasında deyib.

Qeyd edək ki, qarşılaşma bu gün “Palms Sport Arena”da keçiriləcək və oyun saat 19:00-da start götürəcək. Bu matç ukraynalı mütəxəssis Yuri Vernidub üçün “Neftçi”nin baş məşqçisi kimi ilk rəsmi sınaq olacaq.

Yusif Sadıqlı

İdman.Biz