20 yaşadək kişi futbolçular arasında dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin edilib.
Təşkilat Komitəsində, həmçinin gənclər və idman naziri, fövqəladə hallar nazirinin müavini, maliyyə nazirinin müavini, mədəniyyət nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, daxili işlər nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, elm və təhsil nazirinin müavini, xarici işlər nazirinin müavini, səhiyyə nazirinin müavini yer alacaqlar.
Bundan başqa, Təşkilat Komitəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Turizm Agentliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təmsil olunacaqlar.
Dünya çempionatı ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması AFFA-ya həvalə edilib.
Təşkilat Komitəsinə mundialın 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, FIFA Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilib.
Azərbaycanın belə mötəbər idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcək.
