İngiltərənin “Çelsi”nin sabiq futbolçusu Uilyam Qallas Türkiyənin “Qalatasaray” komandasının hücumçusu Viktor Osimhenlə bağlı fikirlərini açıqlayıb və London klubunu nigeriyalı hücumçunun transferinə çağırıb.
İdman.Biz xəbər verir ki, fransalı keçmiş müdafiəçi “Çelsi”nin hazırkı “9 nömrə”lərinin gözləntiləri doğrultmadığını vurğulayıb və komandanın təcrübəli forvarda ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, Osimhen bu baxımdan ideal seçimdir.
“Düzünü desəm, “Çelsi”nin hazırda təcrübəli futbolçuya ehtiyacı var. Osimhen “Çelsi”ni zirvəyə daşıya biləcək oyunçudur”, - deyə Qallas qeyd edib.
Qallas əlavə edib ki, London klubu Osimhenlə daha əvvəl də maraqlanıb: “Onun “Çelsi”yə keçməsini istəyirdim, amma təəssüf ki, bu baş tutmadı”.
Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında çıxış etdikdən sonra yay transfer pəncərəsində “Qalatasaray”a keçib. 26 yaşlı hücumçu bu mövsüm İstanbul klubunun heyətində 16 oyunda 12 qol vurub. O, ötən mövsümdən bəri “Qalatasaray” forması ilə ümumilikdə 57 matçda 49 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
