Elvin Yunuszadə Azərbaycan çempionatlarında 200-cü oyununa “Karvan-Yevlax”ın heyətində çatdığı üçün özünü xoşbəxt sayır.
O, yubiley oyununa çıxdığını sonradan öyrəndiyini bildirib.
“Doğrusu, bu barədə xəbərim yox idi. “Şamaxı” ilə qarşılaşma başa çatandan sonra öyrəndim ki, bu, Azərbaycan çempionatlarında keçirdiyim 200-cü matç olub. Təbii ki, xoşbəxtəm. Çünki ölkə futbolunda müəyyən yerə gəlib çatmışam. Düşünürəm ki, bu rəqəmi 300-ə və ya daha artığına çatdırmaq olar. 200-cü oyuna “Karvan-Yevlax”la çatdığım üçün sevinirəm”, - deyə o, “Report”a açıqlamasında deyib.
Qeyd edək ki, 33 yaşlı oyunçunun yubileyi Misli Premyer Liqasının 14-cü turuna təsadüf edib. Elvin Yunuszadə “Şamaxı” ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub. Yunuszadə 200 oyunda 8 qola imza atıb.
Müdafiəçi 7 fərqli klubda forma geyinib. Elvin Yunuszadə “Neftçi”də 75 (1 qol), “Qarabağ”da 52 (3 qol), “Simurq”da 31 (2 qol), “Səbail”də 23 (2 qol), “Karvan-Yevlax”da 12, “Kəpəz”də 5, “Sabah”da 2 dəfə meydana çıxıb.
