“Bu, təmsilçimizin UEFA Çempionlar Liqasında ən vacib oyunudur”.
Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
59 yaşlı mütəxəssis əsas mərhələnin altıncı turunda bu gün keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, bu matçda qələbə qazansalar, növbəti mərhələ üçün yetərli olacaq. Komandanın əlində çox yaxşı şans var. Ancaq “Ayaks”ın xalsız olması bizi aldatmamalıdır. Çox böyük klubdur. Komandada məşqçi və futbolçu baxımından böyük dəyişikliklə olur. “Qarabağ” bugünkü qarşılaşmaya tam məsuliyyətlə çıxacaq. Bizi gərgin matç gözləyir. Bəlkə də klubun tarixinə qızıl hərflərlə yazılan oyun olacaq. Komandaya uğurlar arzulayıram”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Ayaks” qarşılaşması saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Turnir cədvəlində “Qarabağ” yeddi xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan “Ayaks” isə sonuncu - 36-cıdır.
