Volkan Demirel komandasının qalibiyyətindən sonra istefa verdi

Xəbərlər
7 Dekabr 2025 18:55
66
Volkan Demirel komandasının qalibiyyətindən sonra istefa verdi

Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi”nin baş məşqçisi Volkan Demirel komandasının “Fatih Karagümrük” üzərində 3:0 hesablı qələbəsindən sonra tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

İdman.Biz xəbər verir ki, Super Liqanın 15-ci turunda baş tutan qarşılaşmada paytaxt təmsilçisinin qollarını 29-cu dəqiqədə Oğulcan Ülgün, 65-ci dəqiqədə Koita və 74-cü dəqiqədə Metehan Mimaroğlu vurub. Bu qələbə “Gənclərbirliyi”nin turnir cədvəlində enmə zonasından çıxmasına imkan verib.

Matçdan əvvəl beIN SPORTS-a danışan 44 yaşlı mütəxəssis oyunun mövsüm baxımından əhəmiyyətini vurğulamışdı:

“Bəlkə də mövsümün ən vacib oyununa çıxırıq. Bunu bilirik. Qazanmaq istəyirik. Oyun bitəndən sonra hesabdan asılı olmayaraq deyəcəklərim daha çox olacaq”.

Qarşılaşmadan sonra isə Volkan Demirel birbaşa istefa qərarını açıqlayıb:

“Mən vəzifəni tərk edirəm, istefa verirəm. Burada olmaqdan çox məmnun idim. Məni bu kluba gətirən Mehmet Kaya prezident idi. Arda bəy prezident seçildi, onu da təbrik edirəm. Dünən mənə çox nəzakətlə davrandılar. Amma mən bu qərarı artıq dünən vermişdim. Komandanı tək qoymamaq üçün və oyuna bir gün qaldığına görə deməmişdim”.

Volkan Demirelin istefası Türkiyə futbol ictimaiyyətində geniş rezonans doğurub və “Gənclərbirliyi”ndə yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərarın veriləcəyi gözlənilir.

İdman.Biz

Məqalədə: