İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Rodri qarşıdakı Premyer Liqa turunda “Sanderlend”ə qarşı oyunda iştirak etməyəcək. Komandanın baş məşqçisi Pep Qvardiola futbolçunun vəziyyətinin yaxşılaşdığını desə də, hələlik risk edilməyəcəyini təsdiqləyib.
İdman.Biz xəbər verir ki, ispan mütəxəssis Rodrinin durumu barədə danışarkən, onun getdikcə daha yaxşı olduğunu deyib.
“Real Madrid”lə mümkün oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı suala isə Qvardiola belə cavab verib: “Bunu məndən Madriddə soruşarsınız.”
Rodrinin uzunmüddətli yoxluğu nəticəsində “Mançester Siti”nin oyun sistemində dəyişikliklər edilib. Son vaxtlar dayaq yarımmüdafiəçisi mövqeyində Mateo Kovaçiç alternativ variant kimi istifadə olunur.
Qeyd edək ki, Rodri 2024-cü ilin sentyabr ayının əvvəlində diz bağlarından ağır zədə alıb. Bu mövsüm cəmi 8 oyunda 415 dəqiqə meydanda olan yarımmüdafiəçi hələ də tam hazır vəziyyətə qayıtmayıb.
