Əfran İsmayılovun avtomobili “itkin düşüb”: “Tapa bilmirəm”

Xəbərlər
5 Dekabr 2025 17:39
49
Əfran İsmayılovun avtomobili “itkin düşüb”: “Tapa bilmirəm”

“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovun başına iş gəlib.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, o, üç gün öncə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.

İsmayılovun BMW markalı avtomobili kənar qurğular səbəbi ilə cərimə meydançasına aparılıb. Amma o, cərimə ödəməyə hazır olsa da, ona heç bir akt və ya protokol verilməyib.

“Ayın 1-də Zahid Xəlilov küçəsində yol polisi məni saxladı. Maşına baxış keçirdikdən sonra dedi ki, səsboğucuda qaynaq var. 3 ildir ki, sürürəm və heç bir problem olmayıb. Məni apardı cərimə meydançasına. Maşını saxladım və gördüm ki, polis yoxdur. Yolda gedəndə mənə deyirdi ki, rəisin yanına girərsən, həll edərsən problemini. Mən də onları tanımıram. Kimə yaxınlaşıram, cavab vermir. Qaldım yağışlı yerdə. İndi yenə avtomobilimi tapa bilmirəm. 102-yə zəng elədim və dedilər ki, cavab verəcəyik. Amma bir cavab çıxmadı. üç gündür ki, zəng edirəm, amma ortada bir şey yoxdur. Protokol yox, akt yox, cərimə yox… Bilmirəm ki, necə edim. Mən də maşınsız qala bilmirəm. Məşqə gedirəm, ora gedirəm, bura gedirəm. üç gündən sonra – dünən “Kəpəz”lə oyundan sonra gördüm ki, mənə mesaj gəlib. 150 manat qərarsız cərimə yazılıb. Protokolda “konstruksiya dəyişikliyi” qeyd edilib. Amma saxlanılan ünvan da, protokol da səhvdir. Protokol da qərarsız yazıldığı üçün 5-6 gün gözləməliyəm. 3 ildir ki, yoxlanışa gedirəm və heç vaxt problem olmayıb. Necə oldu ki, 3 il sonra çıxdı ortaya. Biz qanuna tabe adamlarıq. Yəni nə problem varsa, bunu əvvəlcədən deyərdilər, həll edərdik. Amma indi necə çıxdı ortaya?”, - deyə Əfran İsmayılov açıqlamasında deyib.

İdman.Biz