İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holand barədə sabiq hücumçu Bredli Rayt-Fillips iddia edib ki, norveçli forvard gələcəkdə Hari Keyn, Lionel Messi və Kriştianu Ronaldu da daxil olmaqla bütün böyük hücumçuları geridə qoyaraq tarixdə ən çox qol vuran oyunçu olacaq.
İdman.Biz xəbər verir ki, Rayt-Fillips bununla belə Holandı “dünyanın ən yaxşı futbolçusu” hesab etmədiyini bildirib.
Holand indiyədək klub və milli komanda səviyyəsində 333 qol vurub. 25 yaşlı forvard “Mançester Siti”nin heyətində 143 qola, Norveç millisində isə 48 oyunda 55 qola imza atıb. O, həmçinin Premyer Liqanın “100 Club” siyahısına düşməyə cəmi bir qolu qalıb və gələcəkdə Alan Şirerə məxsus 260 qolluq rekordu hədəfləyə bilər.
“talkSPORT Drive” proqramında danışan Rayt-Fillips belə deyib: “Əgər yalnız rəqəmlərdən danışırıqsa və insanlar artıq bunu belə qəbul edir, o, ən yaxşısı olacaq. Uzun müddət ondan yaxşı bombardir olmayacaq. O inanılmazdır, amansızdır”.

O, hücumçu psixologiyasına toxunaraq əlavə edib: “Mən bəzən iki qol vurub düşünürdüm ki, “yetər, məni əvəz edin”. Holand isə on qol vurmaq istəyir!”
Aparıcı Endi Qoldstin hücumçunun oyunda yalnız 1-2 qol vurub başqa heç nə etməməsinin vacibliyini soruşduqda Rayt-Fillips belə cavab verib: “Vacib deyil. Xüsusilə də qalib gəlirsənsə. Hər kəsin fərqli rolu var, buna görə buna komanda deyilir. Holandın işi qollar vurmaqdır. Və onu deyim ki, hamı, “o yalnız qol vurur” deyir, amma onun oyuna qoşulması, top saxlamağı və ümumi oyunu çox yaxşılaşıb.”

Holandın dünyanın ən yaxşı hücumçusu olub-olmaması sualına isə Rayt-Fillips tərəddüdsüz “bəli” cavabını verib. Qoldstin daha sonra İngiltərə millisinin rekordçusu Hari Keyni xatırladıqda Rayt-Fillips belə deyib: “Hari Keyn ən yaxşı hücumçudur, ən yaxşı “9 nömrə”dir. Amma Holand ən yaxşı bombardirdir”.

Rayt-Fillips bununla belə Holandın “təkcə qolçu olduğu üçün” dünyanın ən yaxşı futbolçusu sayıla bilməyəcəyini söyləyib. Qoldstin Kriştianu Ronaldunu misal gətirdikdə isə o, təəccüblə cavab verib: “Ronaldu? CR7? Yox, yox… Xahiş edirəm. Messi ilə Ronaldunu müqayisə edənlərdən deyilsiniz, düzdür?”

Onun fikrincə, səkkizqat “Qızıl top” sahibi Lionel Messi “dünyanın ən yaxşısı” statusuna uyğun olan tərzi nümayiş etdirir: “Mənim üçün həmişə “göz testi” əsasdır. Dünyanın ən yaxşı futbolçusu olmaq üçün oyunda Messi kimi görünməlidir, Zinəddin Zidan kimi olmalıdır - orada başqa bir şey də olmalıdır”.
