“Lids Yunayted”in hücumçusu Dominik Kalvert-Lyuin Premyer Liqada dekabr ayının oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə Premyer Liqanın X sosial media hesabı məlumat yayıb.
İngilis hücumçu ötən ay Premyer Liqada keçirdiyi beş oyunun hamısında fərqlənib. O, “Çelsi” (3:1), “Liverpul” (3:3), “Brentford” (1:1) və “Sanderlend”in (1:1) qapısına qol vurub. “Kristal Palas"a (4:1) qarşı oyunda isə dublla fərqlənib.
Ümumilikdə, Kalvert-Lyuin ardıcıl altı Premyer Liqa oyununda qol vurub. Bu seriya 2019-cu ildən bəri ən uzun seriyadır. O zaman “Lester Siti”nin keçmiş hücumçusu Ceymi Vardi ardıcıl səkkiz oyunda qol vurub. Bu mövsüm “Lids”in hücumçusu 19 Premyer Liqa oyununda doqquz qol vurub. “Mançester Siti”nin hücumçusu Erlinq Holand 20 qolu ilə qolvurma yarışına liderlik edir.
