Azərbaycan millisinin sabiq məşqçisi: “Napoli” “Qarabağ”ı yaxşı təhlil etmişdi”

Xəbərlər
26 Noyabr 2025 16:56
21
Azərbaycan millisinin sabiq məşqçisi: “Napoli” “Qarabağ”ı yaxşı təhlil etmişdi”

İtaliyanın “Napoli” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda üz-üzə gəldiyi “Qarabağ”ı yaxşı təhlil edib.

Bunu Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis komandalar arasında səviyyə fərqinin göründüyünü bildirib:

“Qarabağ”ın bütün rəqibləri çətindir. Çünki çempionatlarının səviyyəsi yüksəkdir. Amma bəzən Ağdam təmsilçisi bu rəqiblərlə baş-başa oynayır. “Qarabağ”dan əvvəl evdə “Atalanta”nı yaxşı oyunla məğlub etmişdilər. İtaliya çempionuna qarşı matçın ağır keçəcəyi gözlənilən idi. Bu, ilk dəqiqələrdən də hiss olundu. Gedişat göstərirdi ki, “Qarabağ”ın rəqibindən 1 xal alması çətin olacaq. “Napoli” digər matçlar kimi, bu görüşə də çox ciddi hazırlaşmışdı. Görünür, “Qarabağ”ı da yaxşı təhlil etmişdilər. Düzdür, komanda qol vəziyyətləri yaratdı. “Qarabağ”ın qapıçısının yaxşı oyununu da qeyd etmək lazımdır. Buna baxmayaraq, “Napoli” qələbə qazandı. Səviyyə fərqi göründü”, - deyə o, “Report”a açıqlamasında deyib.

O, Ağdam təmsilçisinin qarşıdakı oyunlarda xal almaq şansının olduğunu vurğulayıb: “Heç-heçə ola bilərdi. Hətta “Qarabağ”dan qələbə də gözləmək olardı. Komandanın UEFA Çempionlar Liqasında göstərdiyi oyun, nəticələri belə deməyə əsas verir. Xala ümid var idi. Tərifə layiq komandadır. Çünki İtaliya çempionuna məğlub olublar. Hər halda, “Qarabağ” yoluna davam edir, qarşıdakı oyunlarda xal almaq şansı var”.

Qeyd edək ki, ötən gün İtaliyada baş tutan “Napoli” - “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz