“Milli komandaların oyunlarına görə futbolçular bir qədər ayrı qalmışdı. Birlikdə oynamağa ehtiyac var idi”.
Bunu “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Çətin keçən oyunda “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- “Sumqayıt” öz meydanında yaxşı çıxış edir. Bu səbəbdən də matça maksimum dərəcədə hazırlaşmışdıq. Oyun çox gərgin keçdi. Bəzi periodlarda onlar üstün idi, bəzi hissələrdə biz. Yekunda 3 xal qazandıq və buna görə sevinirik. Yolumuza davam edirik.
- İlk dövrədə “Qarabağ” yeganə məğlubiyyətini “Sumqayıt”dan almışdı. Bu məqam motivasiyanızı daha da artırırdı?
- Əlbəttə, bir komandaya uduzursansa, ikinci görüşə ikiqat hazırlaşmalısan. Biz də bunu etdik. Çalışırdıq qollar vuraq. Rəqibin də şansları var idi. Yekunda qələbə bizim oldu.
- Demək olar ki, “Napoli” ilə oyun öncəsi bu matç “Qarabağ” üçün yaxşı hazırlıq oldu?
- Milli komandaların oyunlarına görə futbolçular bir qədər ayrı qalmışdı. Birlikdə oynamağa ehtiyac var idi. Artıq qarşıdan “Napoli” ilə oyun gəlir. İndi həmin matçı düşünməliyik.
- Milli komandanın oyunları, çempionat, Çempionlar Liqası - bu gərgin qrafik futbolçuları nə dərəcədə yorur?
- Artıq öyrəşmişik. Bu, bizim üçün problem yaratmır.
- “Napoli” ilə matçdan gözləntiləriniz nədir?
- Çətin səfərdir. Bununla belə, məqsədimiz xal və xallar qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, çətin İtaliya səfərində uğurlu nəticə qazanacağıq.
- Çempionlar Liqasında 4 turdan sonra 7 xalı olan “Qarabağ”ın ilk 24-lüyə düşmək şansını necə dəyərləndirirsiniz?
- Şansımız var. Lakin unutmaq olmaz ki, rəqiblərimizin hamısı güclü kollektivlərdir. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq.
