Azərbaycan Güləş Federasiyasının Yunan-roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla gözlənilməz şəkildə yollarını ayırması ölkə idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Rusiyalı mütəxəssis Azərbaycanda çalışmış azsaylı əcnəbi məşqçilərdən biri idi ki, gördüyü işlə hörmət qazanmış, ciddi tənqid və təzyiqlərlə üzləşməmişdi.
Yunan-roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi, dünya və Avropa çempionu, Aleksandr Tarakanovla birgə çalışmış Həsən Əliyev xatirələrini İdman.Biz-lə bölüşüb.
“Düzü, onunla işləmək mənim üçün xoş idi. O, yaxşı insan və güləşi çox yaxşı bilən mütəxəssis idi. Doğrudur, Aleksandr Petroviç bu idman növü üçün bir qədər həddindən artıq yumşaq xarakterə malik idi və bu da bəzən ona problemlər yaradırdı. Məni milli komandaya məhz özü seçmişdi - zalda uşaqlarla necə işlədiyimi görmüşdü. Əlbəttə ki, özümü göstərmək üçün mənə belə bir şans verdiyinə görə ona çox minnətdaram”, - deyə Həsən Əliyev bildirib.
