“Olimpiya stadionu gələn mövsümdən futbol oyunlarını qəbul etməyə hazır olacaq” - Fərid Əsədzadənin İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

Müsahibə
20 Noyabr 2025 17:35
60
“Olimpiya stadionu gələn mövsümdən futbol oyunlarını qəbul etməyə hazır olacaq” - Fərid Əsədzadənin İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

Artıq bir neçə gündür ki, xüsusən sosial şəbəkələrdə Bakı Olimpiya Stadionunun (BOS) acınacaqlı vəziyyətdə olduğu və orada futbol oyunlarının keçirilməsinin mümkün olmaması ilə bağlı iddialar irəli sürülür.

İdman.Biz bu məsələ ilə əlaqədar stadionun mətbuat xidməti rəhbəri Fərid Əsədzadəyə müraciət edib.

Fərid Əsədzadəyə etiraf edib ki, doğurdan da hazırda Bakı Olimpiya Stadionunda futbol oyunlarının keçirilməsi mümkün deyil.

“Amma bu sosial şəbəkələrdə yazıldığı kimi onun acınacaqlı vəziyyətə düşməsi ilə bağlı yox, bu futbol mövsümündə burada matçlar keçirməyi ümumiyyətlə planlaşdırmadığımız üçündür. Məsələ ondadır ki, gələn ilin may ayında stadionumuz yüksək dövlət səviyyəli tədbir - WUF13 (Ümumdünya Şəhərsalma Forumu) - qəbul edəcək və stadionda bu tədbirlə bağlı hazırlıq işləri aparılır. Buna görə də təbii - bildiyiniz kimi, bizdə ot örtüyü süni deyil – meydançanı hazır vəziyyətə gətirmək mənasız olardı, çünki bir neçə ay sonra örtük ya tamamilə sıradan çıxacaq, ya da ən azından ciddi zədələnəcək. Elə buna görə də, hazırkı mövsümdə futbol oyunlarının keçirilməsi nəzərdə tutulmamışdı. Yetər ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsin və gələn mövsüm - biz bu klubun oyunlarını, həmçinin beynəlxalq səviyyəli bütün əhəmiyyətli futbol matçlarını meydanımızda qəbul etməyə hər zaman hazırıq” - deyə BOS-un mətbuat xidmətini rəhbəri bildirib.

Vüqar Vüqarlı

İdman.Biz