Azərbaycan millisinə dəvət alan futbolçular rəqabət hiss etməlidirlər.
Bunu Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev deyib.
Millinin sabiq hücumçusu komandanın DÇ-2026-nın seçmə mərhələsindəki matçları haqqında fikirlərini bölüşüb:
“Dəyişən yalnız odur ki, əzmkarlıq var. Hər kəs Ayxan Abbasovun rəhbərliyi altında bacardığından artığını ortaya qoymağa çalışır. Amma bu, nəticə üçün kifayət deyil. İlk növbədə çatışmayan cəhət rəqabətin olmamasıdır. Baş məşqçi seçim etməkdə çətinlik çəkir. Nəticədə rəqabət görməyən, klubunda oynamayan futbolçuları heyətə dəvət edir. Belədə milli əziyyət çəkir. Heyətə dəvət olunan oyunçular rəqabəti hiss etməlidirlər”, - deyə o, “Report”a açıqlamasında deyib.
O, öncəki, İslandiya ilə matçda da qələbəyə ümid etdiyini bildirib:
“Ukraynadan xal almağımıza görə çox sevindik. Açığı, bunu gözləmirdim. Çünki oyundan bir gün əvvəl Fernandu Santuş istefa verdi və Ayxan Abbasovu müvəqqəti baş məşqçi təyin etdilər. Təbii ki, dərhal nəsə dəyişəcəyini gözləmirdik. Amma futbolçular Ukrayna ilə görüşdə 90 dəqiqə mübarizə apardılar və 1 xal qazandılar. Bundan sonra İslandiya ilə matçda qələbəyə ümid edirdik. Təəssüf ki, istəyimiz reallaşmadı”.
Qurum rəsmisi baş məşqçiyə şans verilməyin vacibliyini söyləyib:
“Bu oyunlar göstərdi ki, Ayxan Abbasova UEFA Millətlər Liqasında da şans vermək lazımdır. Dəyişiklik, əzmkarlıq görünür. Komandanın başında yerli mütəxəssis istəyənlərin yanılmadığı göründü. Düşünürəm ki, şans verəcəklər. Futbolçuların da açıqlamalarından görünür ki, müsbət fikirdədirlər”.
Qeyd edək ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan - Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
