Fransanın "L’Equipe" nəşrinin Bakıda çalışan jurnalistləri 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun üçün Fransa millisinin ehtimal olunan start heyətini təqdim ediblər.
İdman.Biz-in məlumatına görə, bundan əvvəl Fransa yığmasının baş məşqçisi Didye Deşam komandasının Bakıda əsas heyətlə çıxış etməyəcəyini bildirmişdi. Daha sonra Kilian Mbappe və bir sıra digər aparıcı futbolçuların milli komandadan ayrıldığı məlum olub.
Jurnalistlərin məlumatına əsasən, qapıda PSJ-nin 24 yaşlı qolkiperinin - Lukas Şevalyenin debüt edəcəyi gözlənilir. Müdafiə xəttini Malo Qusto, İbrahima Konate, eləcə də qardaşlar Lukas və Teo Ernandes formalaşdırmalıdır. Dayaq zonasının Kefren Turam və Uorren Zair-Emri cütlüyündən ibarət olacağı proqnozlaşdırılır. Hücum xəttində isə Florian Toven, Maqnes Akluş və Kristofer Nkunku üçlüyünün çıxış edəcəyi ehtimal edilir. Yeganə mərkəz hücumçusu kimi Ukrayna ilə oyunda əvəzləmədən meydana daxil olaraq parlaq təsir bağışlayan Uqo Ekitike nəzərdən keçirilir.
Azərbaycan və Fransa milli komandaları arasında qarşılaşma bazar günü, 16 noyabrda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Seçmə mərhələnin D qrupunda son turlardan əvvəl vəziyyət belədir: Fransa - 13, İslandiya - 7, Ukrayna - 7, Azərbaycan - 1.
Teymur Tuşiyev
