Yılmaz Vural: “Qarabağ” Azərbaycanın göz bəbəyidir, bütün komandalar ondan çəkinir” - MÜSAHİBƏ

Müsahibə
12 Noyabr 2025 15:05
35
Yılmaz Vural: “Qarabağ” Azərbaycanın göz bəbəyidir, bütün komandalar ondan çəkinir” - MÜSAHİBƏ

“Qarabağ”ın Avropada qazandığı nəticələr ölkə futbolu üçün önəmlidir. Bu komandanı yaxından izləyirəm”.

Bunu Türkiyəli tanınmış mütəxəssis Yılmaz Vural AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Uzun illərdir “Qarabağ” komandası Azərbaycanı Avropada uğurlu şəkildə təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlıdır...

- “Qarabağ”ın Avropada qazandığı nəticələr ölkə futbolu üçün önəmlidir. Bu komandanı yaxından izləyirəm. Azərbaycan futbolda inkişaf etmək üçün bütün imkanlardan istifadə edir. Türkiyədə “Qalatasaray” və “Fənərbaxça”, Azərbaycanda isə Qurban Qurbanovun yetirmələri ölkə futbolunu irəli səviyyəyə çatdırmaq üçün çalışır. “Qarabağ” Azərbaycanın göz bəbəyidir. Onlar bundan sonra yalnız yüksək hədəflər uğrunda mübarizə aparmalıdırlar. Futbol təkcə idman deyil, həm də sosial həyatdır. Uğurlar gəldikcə xalqın fikirləri dəyişir. Bunu sizin təmsilçiniz çox yaxşı bacara bilib.

- Azərbaycan çempionu Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə İtaliya “Napoli”si ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- Futbolda düzgün qaydalarla və qorxmadan oynasan, istənilən rəqibi məğlub edə bilərsən. “Qarabağ” buna nümunə olacaq komandalardan biridir. Əvvəllər böyük klublar düşünürdü ki, “Qarabağ”dır, onları rahat məğlub edəcəyik. Lakin indi hər kəs sizin komandanızdan çəkinir. Çox uzağa getməyək, “Çelsi” ilə matçdakı nəticə kifayət edir.

- “Qarabağ”ın heyətində bəyəndiyiniz futbolçular varmı?

- Ayrı-ayrılıqda hansısa oyunçunu fərqləndirmək istəmirəm. Çünki “Qarabağ” komanda olaraq möhtəşəm oynayır. Kollektivdə güclü birlik hiss olunur. Bunun sayəsində uğurlu nəticələr qazanılır.

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə qarşılaşacaq. Yığma bu görüşlərdə hansı nəticəyə ümid edə bilər?

-“Qarabağ”ın Avropadakı uğuru milli komandaya da təsir edir. Çünki həmin əsas heyətdə oynayan yerli futbolçular yığmanın da şərəfini qoruyurlar. İslandiya seçməsi məğlub edilməyəcək komanda deyil. Onlardan Bakıda 3 xal almaq olar.

- Vaxtilə adınız “Xəzər Lənkəran” və “Neftçi” ilə hallanırdı. Niyə Azərbaycanda işləməyiniz alınmadı?

-Bəli, müəyyən fikirlər olmuşdu, lakin maaş və digər məsələlərə görə ortaq məxrəcə gələ bilmədik.

İdman.Biz