Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən, qardaş ölkəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub. Hadisə həm Türkiyədə, həm də Azərbaycanda dərin hüznlə qarşılanıb.
İdman.Biz xəbər verir ki, faciə ilə əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) və ölkənin bir çox aparıcı klubları şəhidlərin ailələrinə, yaxınlarına və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı məktubu ünvanlayıb.
Türkiyə Futbol Federasiyası açıqlamasında bildirib:
“Azərbaycandan Türkiyəyə gələrkən Gürcüstan-Azərbaycan sərhədində yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan qəhrəman hərbçilərimizə Allahdan rəhmət, kədərli ailələrinə, yaxınlarına, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı veririk”.
“Beşiktaş” futbol klubunun mesajında isə deyilir:
“Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına və millətimizə başsağlığı diləyirik”.
“Fənərbağça” futbol klubunun rəhbərliyi də hadisəni dərin kədərlə qarşıladığını qeyd edib:
“Millətimizin başı sağ olsun. Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan “C-130” tipli hərbi təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğradığını böyük bir kədərlə öyrəndik. Bu acı hadisə nəticəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət, ailələrinə və millətimizə səbir diləyirik".
“Qalatasaray” futbol klubunun rəhbərliyi də eyni duyğuları bölüşüb:
“Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan “C-130” hərbi nəqliyyat təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin bir üzüntü ilə qarşıladıq. Şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə və millətimizə başsağlığı diləyirik”.
“Trabzonspor” klubunun paylaşımında vurğulanıb:
“Azərbaycandan Türkiyəyə gəlmək üçün havalanan hərbi nəqliyyat təyyarəmizin Gürcüstanda qəzaya uğraması nəticəsində şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, kədərli ailələrinə və əziz Türk millətinə başsağlığı diləyirik”.
Türkiyə futbol ailəsinin bütün təmsilçiləri bu faciə qarşısında bir daha həmrəylik nümayiş etdirib, şəhidlərin xatirəsini dərin hörmətlə anıblar.
