“İnter Mayami”nin hücumçusu Lionel Messi Amerika Biznes Forum tədbirində çıxış edərək karyerasının əsas məqamları, Argentina yığması ilə yaşadığı yol və 2026-cı il Dünya Çempionatı ilə bağlı düşüncələrini bölüşüb.
İdman.Biz xəbər verir ki, tədbir zamanı Mayami şəhərinin meri Frensis Suares tərəfindən ona şəhərin açarı təqdim olunub.
Mərasimdə klubun həmtəsisçisi Xorxe Mas da səhnəyə çıxaraq Messiyə bu mükafatın şəhər tərəfindən göstərilən sevginin rəmzi olduğunu bildirib.

Messi ictimai tədbirlərdə çıxış etməyin onun için hər zaman çətin olduğunu deyib:
“Etiraf edirəm ki, ictimaiyyət qarşısında danışmaq mənim üçün çox çətindir. Mənim işim həmişə oynamaqdır və meydanda "danışıram". Amma bu dəfə özümü çox yaxşı hiss etdim. Vaxt xoş keçdi, zövq aldım”.
Messi çıxışında Argentinanın Rosario şəhərindən başlayan futbol yolunu, “Barselona” dövrünü, daha sonra PSJ və hazırkı “İnter Mayami” macərasını xatırladıb.
O, həmçinin Argentina millisinin illərlə yaşadığı uğursuzluqları və 2022-ci ildə Qətərdə qazanılan dünya çempionluğunun mənəvi dəyərindən danışıb:
“Həmin anı sözlə ifadə etmək çətindir. Bu qələbə mənim, ailəmin, komanda yoldaşlarımın və bütün ölkəmin həyatında xüsusi yer tutur. Mənim üçün çox özəl idi”.

Qeyd edək ki, Messi hələ də rəsmi olaraq 2026-cı il dünya çempionatında oynayıb-oynamayacağını açıqlamayıb. Lakin o, ABŞ-də futbolun sürətlə inkişaf etdiyini düşünür və qarşıdakı mundialın xüsusi olacağını deyib:
“Bu, ABŞ-də futbol üçün vacib dövrdür. Düşünürəm ki, qarşıdakı dünya çempionatı möhtəşəm olacaq və inkişaf üçün yeni imkanlar yaradacaq”.
Messi hazırda futboldan hələ də zövq aldığını və karyerasını dayandırmaq barədə düşünmədiyini vurğulayıb:
“Karyeramın sonunda nə olacağı barədə düşünmürəm. İndi sadəcə oynayıram və bundan həzz alıram”.
