Qurban Qurbanov: "Bizi “Çelsi” ilə maraqlı oyun gözləyir" - FOTO

Xəbərlər
4 Noyabr 2025 17:41
70
Qurban Qurbanov: "Bizi “Çelsi” ilə maraqlı oyun gözləyir" - FOTO

“Bizi çox maraqlı oyun gözləyir. Güclü tarixə malik klubların Azərbaycana gəlməsi, belə futbolçuları Bakıda canlı görmək əlavə stimuldur”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis matça hazırlıq barədə danışıb: “Pis hazırlaşmamışıq. Sabah mübariz oyun göstərmək istəyirik. Futbolçularıma inanıram. Azarkeşlərimizin razı qalacağına ümid edirəm”.

O, rəqibin Bakıya oyun günü gələcəyini belə şərh edib: “İnanmıram ki, “Çelsi” kimi böyük klublara belə hallar pis təsir etsin. Çox olur belə hallar. Bu komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmır. Bizdə də belə hallar baş verib, oyun günü stadionu hiss etmişik. Bizim üçün bu amil əlavə stimul olmamalıdır. Bu, onların işinə nə qədər ciddi yanaşdıqlarını göstərir. Çünki saat fərqi çoxdur. Biz buna görə özümüzdə rahatlıq tapmamalıyıq. Belə komandaların bir-iki oyunçusunu müzakirə etməyə dəyməz. Biri yoxdu, beşi var. Heyətləri genişdir. Əksinə onların oyun sisteminə uyğunlaşmalıyıq. Belə hallarda ciddi fərq hiss olunmur. Bəzən olub ki, digər oyunçular oynadıqda bizə böyük problemlər yaradıblar. Yəni bu amil o qədər önəm daşımır”.

Qeyd edək ki, “Qarabağ” - “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz