“Barselona” klubunda yaxın günlər üçün vacib qərarların elan ediləcəyi gözlənilir.
İdman.Biz “Mundo Deportivo”ya istinadla xəbər verir ki, fevaralın 9-da klubda prezident seçkilərinin keçiriləcəyi və Joan Laportanın istefası ilə bağlı rəsmi açıqlama veriləcək. Qeyd olunur ki, Joan Laportanın komandasında seçkilərə qatılmaq istəyən istənilən idarə heyəti üzvü hazırkı vəzifəsindən istefa verməlidir.
Məlumata görə, iyunun 30-dək klub prezidentinin səlahiyyətlərini Rafa Yuste icra edəcək. Bu müddət ərzində klubun gündəlik idarəçiliyi onun üzərinə düşəcək.
Eyni zamanda “Barselona” rəhbərliyi daha bir mühüm addım atmağa hazırlaşır. Klub rəsmi şəkildə 2029-cu il Çempionlar Liqasının finalının “Spotify Kamp Nou” stadionunda keçirilməsi üçün müraciət etməyi planlaşdırır. Yenidənqurmadan sonra arenanın Avropanın ən böyük futbol tədbirlərindən birinə ev sahibliyi etməsi hədəflənir.
