Vinsen Abubakar: "Xoşbəxtəm ki, "Neftçi" kimi böyük kluba gəlmişəm"

Xəbərlər
26 Oktyabr 2025 19:50
41
Vinsen Abubakar: "Xoşbəxtəm ki, "Neftçi" kimi böyük kluba gəlmişəm"

"Əsas odur ki, komanda şəklində yaxşı çıxış etdik. Qolum da, məhsuldar ötürməm də komanda yoldaşlarımın köməyi ilə oldu. Daha da sevindirici hal odur ki, "Neftçi" qələbə qazandı".

Bunu "Neftçi"nin yeni transferi Vinsen Abubakar sportnet.az-a açıqlamasında Azərbaycan Premyer Liqasındakı debütunu şərh edərkən deyib.

IX tur çərçivəsində "Qəbələ"yə qarşı keçirilən matçda (2:0) qol və məhsuldar ötürmə ilə yadda qalan kamerunlu forvard "Neftçi"yə keçidini belə şərh edib: "Çox xoşbəxtəm ki, "Neftçi" kimi böyük kluba gəlmişəm. Burada olmaqdan məmnunam. Hazırda komanda o qədər də yaxşı çıxış etməsə də, istəyirik ki, birlikdə uğurlu nəticələr qazanaq".

Abubakar ideal formaya düşmək üçün bir qədər zamana ehtiyac olduğunu söyləyib: "Düşünürəm ki, 2 oyun 90 dəqiqə meydanda olsam, hər şey qaydasına düşəcək".

Hədəflər barədə isə o deyib: "Neftçi" böyük klubdur. Böyük klubun isə yalnız bur hədəfi olur, başqa hədəf olmur".

"Azarkeşlərə nə demək istərdiniz?" sualını kamerunlu forvard belə cavablandırıb: "İlk növbədə təşəkkürümü bildirmək istərdim. Çünki onlar futbolçulara, komandaya çox yaxındırlar. Hər matçda öz dəstəklərini nümayiş etdirirlər. Onların dəstəyi "Neftçi"nin uğur qazanmasına kömək olacaq"

İdman.Biz