“Atletik”in müdafiəçisi: “Qarabağ”ın gücünə hörmətlə yanaşırıq və özümüzü favorit saymırıq”

Xəbərlər
21 Oktyabr 2025 18:49
40
“Atletik”in müdafiəçisi: “Qarabağ”ın gücünə hörmətlə yanaşırıq və özümüzü favorit saymırıq”

“Atletik”in müdafiəçisi Aytor Paredes 22 oktyabrda Bilbaoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”a qarşı baş tutacaq oyundan əvvəl gözləntilərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, ispan klubunun futbolçusu komandasının Çempionlar Liqasında ilk xallarını qazana biləcəyinə inanır:

“Bu oyun həyati əhəmiyyət daşıyır, aktivimizdə xal yoxdur, buna görə də qələbə qazanmaq və bu məqsədlə meydanda hər şeyimizi qoymaq istəyirik. “Qarabağ”ın altı xalı təsadüfi deyil - onları məğlub etmək çətindir. Heç bir gərginlik yoxdur, eyni zamanda qələbəyə ehtiyac var. Daha çox idman xarakteri göstərməliyik”, - “Radio Nervon”a danışan 25 yaşlı müdafiəçi bildirib.

Futbolçu həmçinin baş məşqçi Ernesto Valverdenin “Qarabağ”ın qapısına doqquz qol vurmaq barədə səs-küyə səbəb olan fikrinə də münasibət bildirib:

“Doqquz qol haqda proqnozu başa düşmürəm. Biz “Qarabağ”ın gücünə hörmətlə yanaşırıq, özümüzü favorit saymırıq. Qələbə qazanmaq üçün meydana çıxacağıq, amma rəqibə hörmətlə yanaşırıq”, - deyə A. Paredes vurğulayıb.

Futbolçu əlavə edib ki, komanda məsuliyyətin fərqindədir və “San Mames”də azarkeşlərin dəstəyinə ümid edir.

Qeyd edək ki, “Atletik” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Ağdam klubunun aktivində altı xal var və o, turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Valverdenin komandası isə hələ xal qazana bilməyib və dördüncü yerdədir.

İdman.Biz

Məqalədə: