Futbol üzrə “Sumqayıt” klubunun əvəzedici heyətin baş məşqçisi Vaqif Cavadov Niderlandda beşgünlük təcrübə proqramı keçib.
İdman.biz-in məlumatına görə, bu təcrübə PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində həyata keçirilib.
Əməkdaşımız Vaqif Cavadovdan müsahibə götürüb, onunla klub arasında bu məsələ ilə bağlı hər hansı problemin olub-olmadığını maraqlanıb.
- Klub bu səfərə necə yanaşdı? Hər hansı problem yaşanmadı ki?
- Əlbəttə, yox. Klub bunun əleyhinə olmadı, əksinə, mənim əvvəlcədən getmək istədiyim “Tvente” futbol akademiyasına səfər etməyim üçün hər cür şərait yaratdı və dəstək verdi.
- Niyə məhz “Tvente”?
- Ən azından ona görə ki, bu klub mənim üçün yad deyil – futbolçu olduğum vaxt “Tvente”nin heyətində çıxış etmişəm. Bundan başqa, hesab edirəm ki, Niderlandın uşaq və gənclər futbolu məktəbi dünyanın ən yaxşılarından, bəlkə də, birincisidir.
- Futbol mütəxəssisi kimi sizi orada ən çox nə təəccübləndirdi?
- Ən çox təəccübləndirən məqam o oldu ki, iki klub – “Tvente” və “Herakles” futbol akademiyalarını birləşdiriblər! Bu, onu göstərir ki, həmin klublar ilk növbədə bütövlükdə Niderland futbolunun gələcəyi barədə düşünürlər, diqqəti təkcə öz klublarına yönəltmirlər. Bu mənə silinməz təəssürat bağışladı! Sadəcə, təsəvvür edə bilmirəm ki, bizdə də nə vaxtsa buna bənzər bir şey baş versin.
- PRO kateqoriyası üzrə kurslar çərçivəsində sizi başqa səfərlər də gözləyirmi?
– İndi məni daha uzunmüddətli - ən azı bir həftəlik təcrübə proqramı gözləyir. Bu dəfə Avropanın yüksək səviyyəli klublarından birində olacaq. Təcrübə bu ilin sonuna qədər də baş tuta bilər, gələn ilin əvvəlində də - hər şey həmin klubun təqvimindən asılıdır.
- Həmin klubun adı bəllidirmi?
- Açığı, hələ özüm də bilmirəm (gülür). Amma açıq desəm, istəyərdim ki, bu klub İtaliya, İspaniya və ya Almaniyadan olsun. Görək, necə alınır. Burada hər şey şəxsi əlaqələrdən asılıdır - necə ki, “Tvente” ilə razılaşmışdım, indi də özüm danışmalıyam.
- Bəs “Sumqayıt”? Klub bu dəfə də sizə icazə verəcəkmi?
- Əlbəttə, verəcək. Klub rəhbərliyi bu məsələyə anlayışla yanaşır, çünki onlar da istəyirlər ki, onların məşqçisi təcrübə qazansın. Onların tərəfdən hələlik yalnız dəstək görürəm.
Vüqar Vüqarlı