“Mançester Yunayted”in hazırkı sahibləri olan Qleyzer ailəsi klubu 2027-ci ilə qədər sata bilər.
İdman.biz "The Athletic" nəşrinə istinadən xəbər verir ki, bu ehtimal onların britaniyalı iş adamı Cim Retkliflə imzaladığı müqavilə ilə bağlıdır.
Məlumata görə, klubun səhmləri iki sinfə bölünür – A və B tipli. B sinfi səhmlər A sinfindən 10 dəfə çox səsvermə hüququ verir. Qleyzer ailəsi ümumi səhmlərin yarısından azına sahib olsa da, 67,91% səsə nəzarət edir. Retklifə məxsus INEOS Limited şirkəti isə hər iki tip səhmlərin təxminən 29%-nə sahibdir.
2024-cü ilin fevralında imzalanan müqaviləyə əsasən, Retklif kluba 300 milyon dollar investisiya yatırmağa razılaşıb. O, bu məbləği tam ödədikdən 18 ay sonra xüsusi “drag-along rights” mexanizmi qüvvəyə minəcək. Bu mexanizm Qleyzerlərə klubun tam satışında Retklifi də məcburi şəkildə prosesə cəlb etməyə imkan verir.
Əgər satış 2027-ci ilin fevralına qədər baş tutarsa, bir səhm üçün qiymət 33 dollardan aşağı ola bilməz – bu, Retklifin kluba daxil olduğu qiymətdir. Bu müddətdən sonra məhdudiyyət qüvvəsini itirəcək və qiymət enə bilər. Hazırda səhm dəyəri təxminən 16 dollar təşkil edir.
Klubun ümumi satış dəyəri 5,7–6 milyard dollar aralığında qiymətləndirilir ki, bu da futbol tarixindəki ən iri satışlardan biri ola bilər. Potensial alıcılar arasında şeyх Casim bin Həməd Əl Tani, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və beynəlxalq investisiya fondları yer alır.