“6 xalla heç də razı deyilik, çünki son iki oyunda qələbəyə qazana bilərdik”.
Bunu futbolinfo.az-a müsahibəsində “Şamaxı”nın braziliyalı müdafiəçisi David Santos deyib.
Həmin müsahibəni təqdim edirik:
– Misli Premyer Liqasının 6-cı turunda “Araz-Naxçıvan”la heç-heçə (1:1) etdiniz. “Şamaxı”nın ilk hissədə rəqibindən açıq-aşkar üstün oyun göstərdiyini və hesabda önə keçdiyini nəzərə alsaq, yekun nəticə sizi razı saldı?
– Oyuna çox yaxşı başladıq və 3-4 real qol vəziyyətimiz oldu. Buna görə də yekun nəticədən heç də razı qalmadıq. Bu baxımdan öz üzərimizdə işləməli və növbəti görüşlərdə əlimizə düşəcək imkanları qola çevirməliyik.
– Təxminən 60-65-ci dəqiqədən sonra “Şamaxı”da temp aşağı düşdü, bəzi futbolçularda yorğunluq hiss olundu. Bunun səbəbi nə idi?
– Düşünürəm ki, oyunu birinci hissədə bitirə bilmədiyimiz üçün rəqibə ümid verdik. Nəticə rəqibi razı salmadığı üçün matçın sonlarında topa daha çox nəzarət etmələri təbii idi. Həmin anlarda topsuz qalmağımız bizi gözlədiyimizdən daha çox yordu.
– “Şamaxı” 6 oyuna 6 xal toplayıb. Bu performans sizi qane edir, yoxsa düşünürsünüz ki, daha çox xal toplaya bilərdiniz?
– 6 xalla heç də razı deyilik, çünki son iki oyunda qələbəyə qazana bilərdik. Kiçik detallara görə “Zirə”yə qarşı görüşdə qələbəni əldən verdik. “Araz-Naxçıvan”la qarşılaşma da 3 xal qazana biləcəyimiz oyun idi, amma yenə üstünlüyümüzü sonadək qoruya bilmədik.
– Növbəti turda “Qəbələ”nin qonağı olacaqsınız. Səfərdən 3 xalla qayıtmaq mümkün olacaqmı?
– Qəbələyə qələbə üçün gedəcəyik. Rəqib keyfiyyətli komandadır. Bunu nəzərə alaraq, oyunun çox çətin keçəcəyini bilirik. Amma məqsədimiz dəyişmir: səfərdən 3 xalla qayıtmaq istəyirik.
– Baş məşqçi Ayxan Abbasovun oyun üslubuna və Azərbaycan Premyer Liqasına tam uyğunlaşa bilmisiniz?
– Bəli, mən və digər yeni transferlər Azərbaycan futboluna, baş məşqçimizin oyun tərzinə yaxşı uyğunlaşmışıq. Turlar keçdikcə daha çox inkişaf edirik. Ayxan Abbasovun bizdən tələb etdiyi bəzi detalları təkmilləşdirməli, meydanda daha düzgün qərarlar verməliyik. Bu halda daim qələbəyə daha yaxın olacağımıza inanıram.
– “Şamaxı”nın gücü cari mövsümü maksimum neçənci pillədə bitirməyə çatacaq?
– Dediyim kimi, biz sürətlə inkişaf edirik. İnanıram ki, mövsümün sonunda yaxşı bir mövqe tutacağıq. Amma bunun üçün çox çalışmalıyıq.