Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib

Xəbərlər
5 Oktyabr 2023 16:49
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə velosiped idmanının şose növündə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib.

İdman.biz xəbər verir ki, yarışın birinci mərhələsində idmançılar Quba rayonunda yerləşən Alpan kəndi ərazisində qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 30 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci mərhələsinin nəticələrinə görə, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 50:03) birinci, Nihad Xudoyev (ROEQİUGVM, 56:21) ikinci, Tamerlan Musayev (ROEQİUGVM, 58:23) üçüncü yerə layiq görülüblər.

2010-2011-ci il təvəllüdlü oğlanların yarışında isə Nihat Xudiyev (ROEQİUGVM, 39:25) qızıl, Cavid Baxşiyev (ROEQİUGVM, 41:17) gümüş, Ümid İsmayılov (ROEQİUGVM, 41:25) bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılar oktyabrın 6-da keçiriləcək ikinci mərhələdə yenidən qrup ötüşməsində, oktyabrın 7-də baş tutacaq üçüncü mərhələdə isə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.

İdman.biz