Doqquz illik fasilədən sonra Azərbaycanda yenidən böyük beynəlxalq veloyarış keçiriləcək.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, 40 gündən sonra start götürəcək “Bakı–Xankəndi 2026” çoxgünlüyü mayın 10-dan 14-dək təşkil olunacaq və “Union Cycliste Internationale” təqviminə UCI 2.1 kateqoriyalı yarış kimi daxil edilib.
Yarışın marşrutu ölkənin bir neçə bölgəsini əhatə edəcək və 21 şəhər və rayondan keçəcək. Proqrama beş mərhələ daxildir: “Sea Breeze” (Bakı) - Sumqayıt (158,8 km), “Sea Breeze” (Bakı) - İsmayıllı (193,2 km), Qəbələ - Mingəçevir (163,3 km), Gəncə - Naftalan (152,7 km), Tərtər - Xankəndi (181,3 km).
Təşkilatçılar xüsusilə son mərhələlərə diqqət ayırıb. Dördüncü və beşinci mərhələlər Azərbaycanın azad olunmuş ərazilərindən – Suqovuşan, Talış, Ağdam, Füzuli, Xocavənd və Şuşadan keçəcək. Yarışın yekun finişi isə Xankəndinin mərkəzi meydanında olacaq.
Turnirdə Avropa, Asiya, Amerika, Afrika və Okeaniyadan 25 komanda iştirak edəcək. İştirakçı ölkələr arasında İtaliya, İspaniya, Fransa, Almaniya, Türkiyə, Niderland, Belçika, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Kolumbiya, Mərakeş və digərləri yer alır. Azərbaycan yarışda milli komanda ilə təmsil olunacaq.
“Bakı-Xankəndi 2026” adı altında yarışın bərpası ölkədə velosportun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və Azərbaycanı yenidən dünya şose velosiped təqvimində ön plana çıxarır.
