“Qətər Masters”də Vüqar Rəsulov qalib gəlib, Maqnus Karlsen uduzub

Xəbərlər
13 Oktyabr 2023 10:22
217
“Qətər Masters”də Vüqar Rəsulov qalib gəlib, Maqnus Karlsen uduzub

Dohada “Qətər Masters”də II turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları görüşlərini fərqli nəticələrlə başa vurublar.

Vüqar Rəsulov ardıcıl ikinci qələbəsini qazanıb. O, bu dəfə Çakraborti Mayankı (Hindistan) məğlub edib. Əhməd Əhmədzadə də oyunu aktivinə yazıb. O, hindistanlı V.Raahuludan 1 xal alıb. Xanım Balacayeva polşalı Yakub Semmannı məğlub edərək aktivinə 1 xal əlavə edib. Read Səmədov isə Şarma Duşyanla (Hindistan) ilə xalı yarı bölüb.

Komanda yoldaşlarından fərqli, Gülnar Məmmədova Şirihariyə (Hindistan) uduzub. Bu, Gülnarın turnirdə 2-ci məğlubiyyəti olub.

Tur norveçli superulduz Maqnus Karlsenin qazaxıstanlı Alişer Suleymenova məğlubiyyəti ilə yadda qalıb. ABŞ şahmatçısı Hikaru Nakamura çinli Dai Çaqrendən üstün olub. Niderlandlı Aniş Giri isə Bharath Subramaniyamı üstələyib.

2 turdan sonra 21 şahmatçının aktivində 2 xal var. Əlavə göstəricilərə görə Hikaru Nakamura, Aniş Giri və Alişer Suleymenov ilk “üçlük”də qərarlaşıblar.

2 xala malik Vüqar Rəsulov 20-cidir. 1.5 xalla Əhməd Əhmədzadə 44-cü, ondan 0,5 xal geri qalan Read Səmədov 65-ci, eyni xala malik Xanım Balacayeva 94-cüdür. Xalı olmayan Gülnar Məmmədova 143-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qətər Masters” turnirində 158 şahmatçı qalib adı uğrunda mübarizə aparır.

Emin Ağa

İdman.biz