Arkadi Dvorkoviç FIDE prezidentliyinə üçüncü müddət üçün seçki proqramını açıqladı - EKSKLÜZİV

29 İyun 2026 15:57
115
Arkadi Dvorkoviç FIDE prezidentliyinə üçüncü müddət üçün seçki proqramını açıqladı - EKSKLÜZİV

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) hazırkı prezidenti Arkadi Dvorkoviç üçüncü dəfə quruma rəhbərlik etməyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

İdman.Biz-in əldə etdiyi məlumata görə, FIDE prezident seçkiləri bu ilin sentyabrında Özbəkistanda keçiriləcək 46-cı Şahmat Olimpiadası çərçivəsində təşkil olunacaq Baş Assambleyada baş tutacaq.

Arkadi Dvorkoviç jurnalistlərə bildirib ki, yeni müddətdə əsas diqqət milli federasiyalara daha praktik dəstəyin göstərilməsinə, rəqəmsal modernləşməyə, gənclər şahmatının inkişafına, kommersiya tərəfdaşlıqlarının genişləndirilməsinə və FIDE-nin şahmat ictimaiyyətinə daha da yaxınlaşmasına yönələcək.

O, əvvəlki iki prezidentlik dövründə FIDE-nin sabitləşdirildiyini, beynəlxalq etimadın bərpa olunduğunu və şahmatın inkişafı üçün yeni imkanların yaradıldığını vurğulayıb.

"Ötən iki müddət ərzində əsas məqsədimiz FIDE-ni sabitləşdirmək, etimadı bərpa etmək və şahmat dünyasında yeni imkanlar yaratmaq idi. Üzv federasiyalarımız, şahmatçılar, təşkilatçılar, hakimlər, könüllülər və tərəfdaşlarımızla birlikdə milyonlarla insanın şahmata maraq göstərməsinə nail olduq", - deyə Dvorkoviç bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə FIDE daha açıq, çevik və səmərəli fəaliyyət göstərməli, bürokratik prosedurlar minimuma endirilməli, milli federasiyaların və şahmat ictimaiyyətinin ehtiyaclarına daha operativ cavab verilməlidir.

Dvorkoviçin seçki proqramında FIDE daxilində prosedurların sadələşdirilməsi, milli federasiyalar üçün xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal alətlərin genişləndirilməsi, federasiyalara birbaşa dəstəyin artırılması, uşaq və gənclər şahmatına investisiyaların çoxaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, eləcə də Afrika, Asiya və Latın Amerikasında şahmatın inkişafının sürətləndirilməsi əsas prioritetlər kimi göstərilib.

O bildirib ki, məqsəd federasiyaların şahmatçı yetişdirməsini, yarışlar təşkil etməsini, sponsor cəlb etməsini və məktəb şahmatını inkişaf etdirməsini daha da asanlaşdırmaqdır.

Dvorkoviçin komandasında dəyişiklik də olacaq. Qazaxıstan Şahmat Federasiyasının prezidenti Timur Turlov FIDE vitse-prezidenti vəzifəsinə namizəd olacaq. Turlov hazırda Beynəlxalq Məktəb Şahmat Federasiyasına rəhbərlik edir.

Bundan başqa, hazırda FIDE-nin vitse-prezidenti vəzifəsini tutan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da yeni seçkilərdə Arkadi Dvorkoviçin komandasında təmsil olunacaq.FIDE vitse-prezidenti Mahir Məmmədov 2018-ci ildən etibarən Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətində təmsil olunur. O, bu müddətdə əsas diqqətini milli federasiyaların inkişafına, xüsusilə şahmat infrastrukturu zəif olan ölkələrdə gənclər və kütləvi şahmat proqramlarının dəstəklənməsinə yönəldib. Mahir Məmmədov həmçinin FIDE-nin təşkilati işlərində fəal iştirak edir və federasiya ilə üzv ölkələr arasında əlaqələrin inkişafında əməyini əsirgəmir.

Eyni zamanda, 2022-ci ildən FIDE vitse-prezidenti olan beşqat dünya çempionu Vişvanatan Anand da fəaliyyətini Dvorkoviçin komandasında davam etdirəcək.

Qeyd edək ki, Arkadi Dvorkoviç ilk dəfə 2018-ci ildə Batumidə, ikinci dəfə isə 2022-ci ildə Çennayda keçirilən FIDE prezident seçkilərində qalib gələrək quruma rəhbər seçilib.

Araz Xəlilli

İdman.Biz