Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib - FOTO

Xəbərlər
8 Dekabr 2025 15:21
54
Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib - FOTO

Kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatında qaliblər müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil edilən yarış dörd gün davam edib.

Qadınların yarışında iki turnirin cəminə əsasən 13 xal toplayan Türkan Məmmədyarova 1-ci yeri tutub. Eyni xala malik Mələk İsmayıl əlavə göstəricilərə əsasən ikinci yerlə kifayətlənib. Üçüncü yerdə 12 xal toplayan Ləman Hacıyeva qərarlaşıb. Hərəyə 11.5 xal toplayan Nərmin Abdinova və Ayan Allahverdiyeva 4-5-ci yerləri bölüşüb.

Kişilərin yarışında isə qalib adını yığmanın liderlərindən biri olan Rauf Məmmədov qazanıb. Cari ildə klassik şahmatda da Azərbaycan çempionu olan R.Məmmədov 14 xalla bütün rəqiblərini geridə qoyub. Çempiondan 1 xal az toplayan Murad İbrahimli ikinci yerdə qərarlaşıb. Hərəyə 12.5 xal toplayan Read Səmədovla Aydın Süleymanlı yarışı müvafiq olaraq 3-4-cü yerdə başa vurub. İlk beşliyi 11.5 xalla Məhəmməd Muradlı tamamlayıb.

Azərbaycan çempionatının bağlanış mərasimində medal və diplomları yarışın baş hakimi Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi Raul Quliyev və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov təqdim edib.

Qeyd edək ki, çempionatda 32 kişi və 20 qadın şahmatçı mübarizə aparıb. Qalib rapid və blits nəticələrin cəminə əsasən müəyyənləşib. kişi və qadınlar arasında ölkə çempionatının ümumi mükafat fondu 10 min manat təşkil edib. Həm kişilərin, həm də qadınların turnirində ilk üç yeri tutan şahmatçılar dünya çempionatına ezam olunacaq.

Dünya çempionatı 25-31 dekabrda Qətərin paytaxtı Dohada keçiriləcək.

İdman.Biz