Vidit Qujrati "Vüqar Həşimov Memorial-2023” turnirinin qalibi olub - FOTO

Xəbərlər
11 Dekabr 2023 19:02
157
Vidit Qujrati "Vüqar Həşimov Memorial-2023” turnirinin qalibi olub - FOTO

Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün şahmatçılar blits turnirində mübarizə aparıblar.

Yarışın reqlamentinə görə, ilk 3 gündə rapid növündə 9 partiya oynanılmışdı. Blitsdə zəka sahibləri 18 partiyada üz-üzə gəliblər və hər iki növdə qazanılan xallar toplanıb. İlk üç turda cəmi bir heç-heçəyə nail olan Vidit Qujrati sonradan daha inamlı çıxış edib. Ardıcıl uğurlu partiyalarla lider mövqeyinə yüksələn hindistanlı şahmatçı üstünlüyünü sonadək qoruyub.

Yekunda Vidit Qujrati 22 xalla turnirin qalibi olub. Onun həmyerlisi Arjun Eriqaisi 21,5 xalla ikinci, Riçard Rapport isə 19 xalla üçüncü yeri tutublar. Rauf Məmmədov, Aydın Süleymanlı 18,5 xal, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov isə 18 xal toplayıblar. Son üç pillədə Yorden Van Forest (17 xal), Nicat Abbasov (15 xal) və Boris Gelfand (12,5 xal) qərarlaşıblar.

Qeyd edək ki, əvvəlki yarışlarda Maqnus Karlsen (Norveç) 4, Şəhriyar Məmmədyarov 2, Fabiano Karuana (ABŞ) və Noderbek Abdusattarov (Özbəkistan) hərəyə bir dəfə turnirin qalibi olublar.

İdman.biz