Səmərqənddəki Şahmat Olimpiadasının yekunlarına görə Azərbaycan yığmalarında kim ən yaxşı oldu - İDMAN.BİZ İCMALI

27 Sentyabr 2026 17:54
84
Səmərqənddəki Şahmat Olimpiadasının yekunlarına görə Azərbaycan yığmalarında kim ən yaxşı oldu - İDMAN.BİZ İCMALI

Qrossmeyster Məhəmməd Muradlı Səmərqənddə (Özbəkistan) keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi millisinin heyətində ən yaxşı nəticəni göstərib.

İdman.Biz xəbər verir ki, Azərbaycanın kişi millisi Səmərqənd turnirində 17 xalla beşinci yeri tutub. Komandamız Ümumdünya Şahmat Olimpiadasında ikinci dəfə ilk beşliyi qapadıb. Yığma ilk dəfə belə nəticəyə 2014-cü ildə Tromsö Olimpiadasında nail olub.

Kişilərdən ibarət komandanın heyətində Aydın Süleymanlı və Məhəmməd Muradlı əvəzlənmədən oynayıblar və milli üçün ən çox xal toplayıblar. Bununla yanaşı, hər iki şahmatçı, eləcə də Eltac Səfərli bir dəfə də məğlubiyyət üzü görməyib.

Toplanan xallara görə ən yaxşı nəticəni Məhəmməd Muradlı göstərib. O, mümkün 11 xaldan 8-ni toplayıb. Məhəmməd beş qələbə qazanıb və altı heç-heçə edib. Bunun sayəsində o, reytinqinə 8,8 xal əlavə edib. Hazırda onun reytinqi 2653 xaldır.

Aydın Süleymanlının (2664) aktivində 11 mümkün xaldan 7,5 xal var. O, dörd qələbə qazanıb və yeddi heç-heçə edib. Bu nəticə ona reytinqinə 4,2 xal əlavə etməyə imkan verib.

Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov 10 partiya keçirib və 5,5 xal toplayıb. Məmmədyarov iki partiyada qələbə qazanıb, bir dəfə məğlub olub, qalan görüşləri isə heç-heçə ilə başa vurub. Nəticədə o, Olimpiadanın yekunlarına görə reytinqində 9,7 xal itirib.

Rauf Məmmədov (2631) yeddi partiya keçirib və 4,5 xal toplayıb. O, üç qələbə qazanıb, üç heç-heçə edib və bir dəfə məğlub olub. Bunun nəticəsində Məmmədov reytinqinə simvolik 0,9 xal əlavə edib.

Nəhayət, Eltac Səfərli (2616) beş partiyada üç xal toplayıb. O, bir qələbə qazanıb, qalan görüşlərini isə heç-heçə ilə başa vurub. Səfərli turnirin yekunlarına görə reytinqində 5,8 xal itirib.

15 xalla 16-cı yeri tutan Azərbaycanın qadın millisində isə şahmatçıların demək olar hamısı reytinq itkisi ilə üzləşib. Ən yaxşı nəticəni Gövhər Beydullayeva (2392) göstərib. O, 10 partiyada 6,5 xal toplayıb və reytinqində 0,1 xal itirib.

Günay Məmmədzadə (2351) doqquz mümkün xaldan 6 xal toplayıb və reytinqində 3,1 xal itirib. Xanım Balacayeva (2356) və Gülnar Məmmədova (2311) səkkiz mümkün xaldan 5,5 xal toplayıblar. Birincisi reytinqinə 0,7 xal əlavə edib, ikincisi isə 1,9 xal itirib. Azərbaycanın qadın millisinin lideri Ülviyyə Fətəliyeva (2402) doqquz mümkün xaldan 5-ni toplayıb və reytinqində 7,1 xal itirib.

İdman.Biz