Britaniyalı ağırçəkili boksçu Entoni Coşua Nigeriyada baş verən faciəli hadisədən sonra videomüraciətlə çıxış edərək yaxın dostları Latz və Sinanın itkisi barədə danışıb.
İdman.Biz xəbər verir ki, Coşua müraciətində bu dövrdə dünyanın müxtəlif yerlərindən göstərilən sevgi və dəstəyə görə təşəkkür edib. O bildirib ki, 2025-ci illə bağlı böyük planları olsa da, ailələrini görmək üçün Nigeriyaya qayıtdıqdan sonra hər şey gözlənilmədən dəyişib və baş verənlər tam nəzarətdən kənar olub.
Boksçu Latz və Sinanı təkcə dost yox, həm də qardaş, komanda üzvü və həyatının əsas dayaqları adlandırıb. Onların itkisini “solum və sağımın getməsi” kimi xarakterizə edən Coşua bunun indiyə qədər yaşadığı ən ağır itkilərdən biri olduğunu vurğulayıb.
Entoni Coşua qeyd edib ki, yaşananlara baxmayaraq, missiya davam etməlidir. Onun sözlərinə görə, əsas məqsəd Latz və Sinanın ailələri üçün planlaşdırdıqları işləri davam etdirmək və onların hədəflərini reallaşdırmağa kömək etməkdir. Boksçu bunun “miras” anlayışı ilə yox, sadəcə düzgün olanı etmək istəyi ilə bağlı olduğunu bildirib.
Coşua çıxışında Latz və Sinanın valideynlərinə və ailə üzvlərinə də müraciət edərək, bütün bu mesajları həm öz, həm də ailələrin adından çatdırdığını deyib. O, həmçinin oğlunu və ya qardaşını itirən hər kəsə dəstək mesajı göndərib.
Boksçu sözlərini dünyadan gələn bütün mesajların, duaların və dəstəyin qəbul olunduğunu bildirərək, “davam edin, dayanmayın” çağırışı ilə yekunlaşdırıb.
Paylaşımında Coşua “ömürlük qardaşının keşiyində” olduğunu vurğulayıb və hadisə yerinə ilk çatan xilasedicilərə, ona xəstəxanaya çatmaqda kömək edənlərə, eləcə də yerli sakinlərin dualarına xüsusi minnətdarlıq bildirib.
Coşua paylaşımını belə yekunlaşdırıb:
“Sizin səyləriniz, xeyirxahlığınız və dəstəyiniz heç vaxt unudulmayacaq”.
